A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Müasir dövrdə təhsilin keyfiyyət göstəriciləri” mövzusunda elmi seminar keçirilib.

“Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərovun sədrliyi ilə keçirilən seminarda Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarda “Maliyyə və audit” kafedrasının professoru Elnur Sadıqov “Müasir dövrdə təhsilin keyfiyyət göstəriciləri” mövzusunda geniş təqdimatla çıxış edərək, təhsildə keyfiyyət probleminin hamını, ilk növbədə təhsilverənləri düşündürən başlıca məsələlərdən biri olduğunu qeyd edib, onun yüksəldilməsi üçün ayrı-ayrı dövrlərdə müxtəlif nəzəriyyələrdən, metodlardan, vasitələrdən, tərzlərdən istifadə edildiyini, çoxsaylı eksperimentlərin aparıldığını, yüzlərlə mülahizələrin irəli sürüldüyünü, bir çox yeni konsepsiyaların yaradıldığını bildirib.

Məruzəçi keyfiyyətin təhsilin məzmunu, formaları və metodları ilə sıx bağlı və onun kim tərəfindən, hansı səviyyədə, necə aparılmasından və idarə edilməsindən həlledici dərəcədə asılı olduğunu vurğulayıb. Həmçinin qabaqcıl təcrübənin öyrənilməsinin, müasir təlim texnologiyalarının tətbiqinin, təhsilalanların stimullaşdırılmasının, təhsilverənlərin yüksək hazırlığa malik olmasının təhsilin keyfiyyətinin yüksəldilməsinə təsirindən bəhs edib.

Çıxışdan sonra seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və maraqlı diskussiyalar aparılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay