UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 20 Yanvar-Ümümxalq Hüzn Gününün 35-ci ildönümünə həsr edilən “O qanlı gecədən bizi 35 il ayırır” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdən öncə vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək, qeyd edib ki, 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Azərbaycan xalqının yaddaşında qanlı bir gecə kimi həkk olunub. E.Cəfərov bu tarixin Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm bir dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, xalqın müstəqillik yolunda canını fəda edən 20 Yanvar şəhidləri yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının qəhrəmanlarıdır.
Tədbirdə UNEC-in “Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik və azadlıq uğrunda mübarizəsinin qanlı səhifələrindən biri olduğu vurğulanıb. Bu hadisə, xalqımızın azadlıq istəyini və müstəqil yaşamaq arzusunu simvolizə edən qətiyyətli mübarizənin bariz nümunəsidir.