Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalının açılışı olub.
Tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Elm Festivalının açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov tədbirin ölkə Prezidentinin sərəncamı ilə hər il ölkədə keçirilən Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-in start verdiyi iki mühüm təşəbbüsdən - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırlması”ndan söz açıb. Layihə çərçivəsində ölkənin aparıcı məktəblərində, eləcə də regionlardakı universitetlərdə şagirdlərin, həmçinin gənclərin elmə marağının artırılması məqsədilə ölkənin tanınmış alimlərinin iştirakı ilə görüşlərin keçirildiyini deyib.
Ədalət Muradov UNEC-də elmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini diqqətə çatdıraraq, son beş ildə universitetin əldə etdiyi uğurlardan söz açıb, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artımın olduğunu deyib: “2024-2025-ci illər ərzində UNEC tədqiqatçılarının SCOPUS bazasında dərc olunan məqalələrinin sayı 6.4 dəfə, Web of Science bazasında 5.8 dəfə artıb. 2024-cü ildə Azərbaycan üzrə Scopusda çap olunan məqalələrin 33 %-i, Web of Science-də çap olunanların isə 23 %-i məhz UNEC-in payına düşür. Son beş ildə isə bu rəqəm Scopus üzrə 20%, Web of Science üzrə 19%-dir. Dayanıqlı İnkişaf Məqsədlərinin 17 istiqamət üzrə yazılan elmi əsərlərin sayında isə son 5 ildə 10 dəfə artım olub. Ümumilikdə Scopusda dərc olunan məqalələrin 48,6 faizi məhz minilliyin inkişafı məqsədlərini əhatə edib. Bu artım tempinə görə UNEC dünyada liderdir” deyə, rektor bildirib.
Rektor UNEC-də elmin rəqəmsallaşması ilə bağlı həyata keçirilən layihələr barədə də məlumat verib. UNEC-in öz adı da daxil olmaqla, 5 milyona yaxın ən zəngin elektron bazalara çıxış imkanının olduğunu deyib.
Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətini vurğulayaraq, ölkədə elmin inkişafının prioritet sahələrdən olduğunu deyib. Nazir ölkə elminin qarşısında duran çağırışlardan söz açıb, bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən olduğunu bildirib. O, elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına faydalılığının təmin edilməsinin, eləcə də elmin cəmiyyət üçün anlaşıqlı təqdim olunmasının vacib məsələlərdən olduğunu vurğulayıb.
Nazir elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin qiymətləndirilməsi ilə bağlı mövcud problemlərdən, onların həlli ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından elmi müəssisələrin rolundan söz açıb. O, tədbirdə səsləndirilən çağırışların akademiyaların işinin səmərəli qurulması baxımından əhəmiyyətli olduğunu deyib.
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev elmin bəşəriyyətin inkişafındakı rolundan söz açaraq, bu inkişafın yalnız elmlə mümkün olduğunu diqqətə çatdırıb. O, süni intellektin elmin bütün sahələrinə tətbiqinin zəruruliyi məsələlərinə də toxunub.
Rəsmi hissə Türkiyənin Yıldız Texniki universitetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatı ilə yekunlaşıb.
Sonra iştirakçılar UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərindən ibarət olan “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. Həmçinin UNEC Dizayn məktəbinin tələbələrinin əl işlərinə baxış keçiriblər.
Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və “Bazarın hüdudları” kitabının təqdimatları keçirilib.
Elm Festivalı aprelin 10-na kimi davam edəcək.