A

UNEC-in Rus İqtisad Məktəbinin təşəbbüsü ilə “Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatı yanında iqtisadi məsələlər üzrə sabiq müşavir və hazırda bir neçə rəqəmsal biznesin təsisçisi Rüfət Novruzov tələbələrlə görüş keçirib.

Rüfət Novruzov BMT-dəki fəaliyyəti, beynəlxalq mühitdə qazandığı təcrübə və peşəkar uğurları barədə ətraflı məlumat verib. O, həmçinin rəqəmsal bizneslə təhsilin inteqrasiyası, innovativ düşüncə və texnologiyaların iqtisadiyyatda rolu mövzusunda çıxış edib.

Qonaq müasir əmək bazarında işəgötürənlərin irəli sürdüyü tələblərə toxunaraq bildirib ki, bu gün yalnız nəzəri biliklər kifayət etmir. Analitik düşüncə, çeviklik, multikultural mühitdə işləmək bacarığı, stresə davamlılıq və davamlı özünüinkişaf əsas şərtlər sırasındadır.

Xüsusilə xarici dillərin öyrənilməsinin vacibliyini vurğulayan Rüfət Novruzov qeyd edib ki, ingilis dili ilə yanaşı digər dillərin, xüsusilə Çin dilinin öyrənilməsi gələcək karyera imkanlarını genişləndirir. O, tələbələrə beynəlxalq səviyyədə uğur qazanmaq üçün daim öz üzərində işləməyi, yeni bacarıqlar əldə etməyi və qlobal çağırışlara hazır olmağı tövsiyə edib.

Görüş zamanı tələbələr fəal iştirak edərək həyata keçirilən layihələr, beynəlxalq proqramlarda iştirak imkanları və karyera inkişafı ilə bağlı suallar ünvanlayıb, peşəkar məsləhətlər alıblar.

Tədbirdə Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov çıxış edərək süni intellektin iqtisadiyyatda və peşəkar fəaliyyətdə artan rolundan danışıb, onun düzgün və səmərəli istifadəsinin vacibliyini vurğulayıb. Kafedra müdiri Sevinc Abbasova isə iqtisadiyyatın rəqəmsallaşması fonunda aktual problemlər və müasir çağırışlarla bağlı fikirlərini bölüşüb.

Görüşdə həmçinin ixtisas rəhbərləri Lalə Həmidova, Mehriban Səmədova və baş müəllim Tahirə Kərimova iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay