UNEC KİM 24/7 Kitabxanasının “KİTABIM” layihə-podkastının növbəti qonağı “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist, Səriyyə Cəfərova olub.

 O, “Faciəyə gedən yol”, “Xocalı yaşayır”, “Onlar heç vaxt böyüməyəcəklər”, “Xocalı ölməyib”, “Xocalıdan gələn var”, “Ölümdən o yandakı Xocalı”, “Xocalı uşaqları, qan içində qar çiçəyi”, “Dünya susmasın gərək”, “Sonda ümid ölür”, “Kəfəndən biçilən gəlinlik paltarı” kitablarının müəllifidir. Xüsusilə “Onlar heç vaxt böyüməyəcəklər” əsəri türk, rus, ingilis, alman, ərəb, macar və malay dillərinə tərcümə olunub.

Səriyyə Cəfərova həmçinin Türkiyə və Almaniyada Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif tədbirlərin təşkilatçısıdır. O, Macarıstanda kütləvi qırğınların qarşısının alınması mövzusunda beynəlxalq tədbirdə, Avstriya və Bosniya-Herseqovinada isə Qarabağın işğalına qarşı keçirilən beynəlxalq konfranslarda iştirak edib.

O, proqramda dünyaya göz açdığı Xocalı, burada baş verən faciə, məskunlaşma həyatı və tarixi zəfərdən sonrakı Xocalıya qayıdışı barədə danışıb. Xocalı soyqırımına həsr etdiyi silsilə kitablar, onların xarici ölkələrdə yayımlanması, “Xocalıya Ədalət!” aksiyasında yaxından iştirakı və apardığı mübarizədə qarşılaşdığı çətinliklər haqqında geniş məlumat verib.

Səriyyə Cəfərova yeni nəşr edilmiş “XOCALI – Haradasınız, 13-lər” kitabını UNEC Kitabxana İnformasiya Mərkəzinə hədiyyə edib.

TOP XƏBƏRLƏR