UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “İqtisadiyyat” kafedrasının təşkilatçılığı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan Kapitalı işçi qrupunun 2026- cı il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində “Elmi potensialın gücləndirilməsi sahəsində yeni təşviq mexanizmlərinin formalaşdırılması” mövzusunda tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən “İqtisadiyyat” kafedrasının müdiri dosenti Suqra Hümbətova müasir dövrdə iqtisadi müstəqilliyin və rəqabətqabiliyyətliliyin təmin olunmasında elmi potensialın gücləndirilməsi və innovative fəaliyyətin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, bu məqsədə nail olmaq üçün çevik və effektiv təşviq mexanizmlərinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Həmçinin UNEC-də akademik heyətin yüksək elmi potensiala malik olduğunu qeyd edərək universitetdə elmi inkişaf üçün bütün imkanların yaradıldığını bildirib. O, UNEC-in beynəlxalq reytinq sıralamalarında mövqeyinin ildən-ilə yüksəlməsinin professor-müəllim heyətinin elmi fəaliyyətə marağının artmasına müsbət təsir göstərdiyini vurğulayıb.
Çıxış zamanı beynəlxalq indeksli jurnallarda nəşrlərin dərcinin, gənc alimlərin dəstəklənməsinin və tədqiqat nəticələrinin tədrisdə tətbiqinin təhsilin keyfiyyətinə mühüm təsiri vurğulanıb, insan kapitalının inkişafının əhəmiyyəti qeyd edilib.
Daha sonra dosentlər Vildan Rizayeva, İlhamə Mahmudova və Günay Pənahova çıxış edərək beynəlxalq reytinqli jurnallarda elmi nəşrlərin əhəmiyyətindən danışıb, eləcə də kafedrada aparılan tədqiqatlar barədə məlumat veriblər.