A

Sentyabrın 21-də UNEC-də “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: Hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın bölmə iclasları keçirilib.

Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının  təşkil etdiyi konfransın bölmə iclaslarında ölkənin elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları iştirak edib. İki bölmədən ibarət plenar iclasın birinci bölməsi “Milli İqtisadiyyatın Yol Xəritəsi: iqtisadi perspektivlər, maliyyə mexanizmləri” mövzusunda olub.UNEC-in “Maliyyə və maliyyə institutları”  kafedrasının müdiri, professor Əvəz Ələkbərov  konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, konfransın məqsədi iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, büdcədənkənar vəsaitlərin idarə olunması və monitorinqi sisteminin təkmilləşdirilməsi, ilkin uçotun təşviqi və statistika infrastrukturunun yaxşılaşdırılmasıdır.

Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Strateji Planı”na diqqət çəkən Ə.Ələkbərov milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətli icra etmək məqsədilə UNEC-də Strateji Plan hazırlandığını bildirib. O, strateji yol xəritələri təsdiqləndikdən sonra universitetdə ciddi fəallıq müşahidə olunduğunu, UNEC-in 48 professor və alimindən ibarət ekspert qrupunun ölkədə baş verən iqtisadi proseslərə operativ münasibət nümayiş etdirdiyini vurğulayıb.

Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov və digər məruzəçilər bildiriblər ki, müasir şəraitdə dünyada baş verən sosial-iqtisadi proseslər, mövcud iqtisadi durum, qloballaşma və digər dünyəvi amillər hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsini zəruri edən bir sıra mühüm çağırışları irəli sürür.

Konfransın ikinci bölmə iclası isə “Hesabatlıq və şəffaflığın strateji hədəflərin reallaşmasında rolu”na həsr olunub. İclasın həmsədrləri, UNEC-in “Muhasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev və Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov strateji yol xəritəsindən irəli gələn vəzifələr, onların həlli istiqamətində atılacaq addımlar və bu istiqamətdə konfransın əhəmiyyətindən danışıblar.Bölmə iclaslarında 37-dən çox məruzə və 100-dən çox tezis dinlənilib.Beynəlxalq elmi konfrans sentyabrın 23-nə kimi davam edəcək. Konfransda respublikanın, eləcə də Rusiya, Türkiyə, Monteneqro, Latviya, Litva, Ukrayna, Gürcüstan daxil olmaqla 15 ölkənin dövlət qurumu, elmi təşkilat və ali təhsil müəssisələrinin 150-dən çox nümayəndə və alimi iştirak edəcək.Konfransda qloballaşma şəraitində milli inkişaf strategiyaları və yol xəritələri, dövlət auditi və dövlət maliyyə nəzarəti, auditin müasir problemləri və onların həlli yolları, bələdiyyələrdə şəffaflığın artırılması problemləri, strateji yol xəritələrində qarşıya qoyulmuş hədəflərlə bağlı statistik hesabatlılıq, beynəlxalq təcrübədə maliyyə hesabatlılığının tənzimlənməsinin xüsusiyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.

TOP XƏBƏRLƏR