Azərbaycan Milli Kitabxanası

28 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Kitabxanası birgə “Elmi-tədqiqat ili” çərçivəsində “Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. UNEC-in “Elm” şöbəsi, “Biznes və menecment” fakültəsinin və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil edilmiş dəyirmi masada UNEC-in professor-müəllim heyəti, fəal tələbələri, əcnəbi tələbələri, Milli Kitabxananın əməkdaşları, nəşriyyat, redaksiya və kitab­xa­na əməkdaşları, kitabxana müdirləri, jurnal redaktorları, oxucu kütləsi iştirak etmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlamış, həm Azərbaycan Dövlət İqtisad Universiteti, həm də Milli Kitabxana üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, kitabxanaların elm, təhsil, informasiya mərkəzi kimi cəmiyyətin inkişafındakı rolundan danışmışdır. O, həmçinin universitetin yeni tipli kitabxana layihəsini çox uğurlu bir layihə olduğunu və dəstəklədiyini vurğulamış, onun professor-müəllim heyətinin və tələbələrin kitabxana xidmətlərindən həftənin 7 günü və 24 saat ərzində daha faydalı şəkildə yararlanmaları istiqamətində mühüm addım olduğunu demişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid  Məmmədov kitabxanaları uğurumuzun təminatçısı, intellektual xəzinəmiz, kitabxanaçıları isə elmin lokomotivi adlandırmış, əsas elm məbədimiz olan Milli Kitabxanada bu tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etmişdir. O, vurğulamışdır ki, universitetləri kitabxanasız təsəvvür etmək qeyri mümkündür və bilik iqtisadiyyatı şəraitində biliyin təminatçısı olan kitabxanaların fəaliyyətinə dəstək olmaq lazımdır. Prof. Zahid Məmmədov universitetin yırtıcı jurnallardan, soyğunçu konfranslardan qorunmaq üçün fəaliyyət göstərdiyini, tezliklə elmi fəaliyyətin qiymətləndirilməsində universitetlərin rolu ilə bağlı tədbirin baş tutacağını qeyd etmişdir. Professor universitetdə xarici tədqiqat işlərinin tərcümə olunması, həmçinin öz elmi nəşrlərinin xarici dillərə tərcümə edilməsi məqsədilə Tərcümə Mərkəzinin yaradıldığını, bu işə tələbələrin də cəlb edildiyini demişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov ilk olaraq Milli Kitabxanaya yaradılmış şəraitə görə təşəkkürünü bildirmiş, kitabxanaçı peşəsini ən şərəfli peşə adlandırmış və gənclərin maarifləndirilməsi istiqamətində daimi əməkdaşlığa dəvət etmişdir. O, həmçinin universitetdə elmi fəaliyyətin genişləndirilməsi məqsədilə həyata keçirilmiş yeni layihələrdən danışmışdır.

Milli Kitabxananın direktor müavini Mələk xanım Hacıyeva univeristetin əməkdaşları tərəfindən çap olunmuş kitabların Milli Kitabxanaya verilməsinə diqqəti çəkərək bu məsələdə köməklik göstərməyi xahiş etmişdir. Professor Zahid  Məmmədov və universitet nəşriyyatının müdiri Kamil Hüseynov univeristet tərəfindən çap olunmuş kitabların vaxtında kitabxanaya göndərildiyini, ayrı-ayrı alimlər tərəfindən başqa nəşriyyatlarda nəşr edilmiş kitabların da kitabxanaya göndərilməsi üçün lazımi köməklik göstərəcəklərini  qeyd etmişlər. Pofessor Kərim Tahirov  öz kitablarının  Milli Kitabxanaya verilməsində müəlliflərin də  maraqlı olduqlarını, bu əsərlərin kitabxananın milli arxiv fondunda mühafizə edilərək gələcək nəsillərə ötürülməsinin, eyni zamanda bu sahədə dövlətin qanunlarının icrasının vacibliyini də vurğulamışdır.

Universitetin nəşriyyat redaktoru, psixoloq Rəhilə Cəbrayılova  çıxış edərək  oxucular üçün  yaradılmış gözəl şəraitə və mədəni münasibətə, xidmət mədəniyyətinə, fondun tamlığının təminatına ciddi çalışdıqlarına görə Milli Kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkür etmişdir.

Universitet kitabxanasının müdiri Nəzifə Bəxtiyarova universitet kitabxanasının müasir standartlar əsasında qurulması, təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlərdən danışmış, Milli Kitabxananın daim onlara dəstək verdiyini və gələcək əməkdaşlığa ümidini  qeyd etmişdir.

Prof.Zahid Məmmədov universitet rəhbərliyi adından Milli Kitabxananın direktoruna təşəkkür etmiş, gərəkli dəstəyi təmin etdiyinə görə Mədəniyyət və Turizm Nazirlinə minnətdarlığını bildirmişdir.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov sonda Azərbaycan Dövlət İqtisad Universitetinə bu təşəbbüsə görə minnətdarlıq etmiş, bu təşəbbüsün məhz ilk olaraq İqtisad Universiteti tərəfindən irəli sürüldüyünü yüksək qiymətləndirərək, gələcəkdə birgə layihələrin davamlı şəkildə həyata keçirilməsini arzu etmişdir.

Sonda tədbir iştirakçıları universitetin əməkdaşlarının elmi nəşrlərindən ibarət müxtəlif dillərdə olan ədəbiyyatları, habelə Milli Kitabxananın nəşrlərini əks etdirən geniş kitab sərgisi ilə tanış olmuşlar. Birgə xatirə şəkli çəkilmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay