A

UNEC-in “Professorlar Klubu”nun növbəti görüşü keçirilib.

Görüşün fəxri qonağı AMEA-nın həqiqi üzvü, YUNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun müxbir üzvü, tarix elmləri doktoru, professor Şahin Mustafayev olub.

“Professorlar Klubu”nun rəyasət heyətinin sədri, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, əməkdar müəllim, professor Əvəz Ələkbərov klubda mütəmadi olaraq ölkənin tanınmış alim və ictimai xadimləri ilə qeyri-rəsmi şəraitdə görüşlərin keçirildiyini, cəmiyyətin aktual mövzuları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Ə.Ələkbərov UNEC-də son illərdə həyata keçirilən yeniliklərdən də danışıb. UNEC-in tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilmək istiqamətində qarşısına qoyduğunu hədəflərdən söz açan professor, universitetdə Nobel mükafatçılarının iştirakı ilə nüfuzlu beynəlxalq konfranslar keçirildiyini, pedaqoji heyətin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə Differensial Əməkhaqqı Sisteminin tətbiq edildiyini vurğulayıb. Professor son 4 ildə UNEC-in pedaqoji heyətinin nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrinin sayının ötən illərə nisbətən 4 dəfədən çox artdığını, beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini bildirib.

UNEC-də təhsilin elmə inteqrasiyası istiqamətində mütərəqqi islahatların aparıldığını deyən akademik Şahin Mustafayev universitetin mütəmadi olaraq beynəlxalq reytinqlərdə mövqeyini yüksəltməsini qürurla izlədiyini bildirib. Akademik UNEC-də yüksək elmi mühitin yaradıldığına diqqət çəkərək, bu ali təhsil müəssisəsinin aparıcı islahatların önündə olacağına əminliyini ifadə edib.

“Professorlar klubu”nun yaradılmasını yüksək qiymətləndirən fəxri qonaq bu istiqamətdə dünya təcrübəsini bölüşüb. Sonra alim şərqşünaslıq və tarix elminin strateji istiqamətləri, tarix elminin cəmiyyətin formalaşmasındakı rolu və apardığı tədqiqatlardan bəhs edib.

Novruz süfrəsi ətrafında təşkil olunan səmimi görüş müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay