UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının təşkilatçılığı ilə fakültə elmi seminarı keçirilib.
Seminarda Maliyyə və mühasibat fakültəsinin professor-müəllim heyəti iştirak edib.
“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov ənənəvi olaraq keçirilən elmi seminarların əhəmiyyətindən söz açıb. Professor qlobal çağırışlar kontestində ölkə iqtisadiyyatında baş verən proseslər və yeniliklərin paylaşılması, problemlərin müzakirə olunması və həlli yollarının tapılmasında elmi seminarların vacib rol oynadığını vurğulayıb.
Seminarda kafedranın dosenti Zöhrab İbrahimov “Makromaliyyə sabitliyinin təmin olunmasında bank sisteminin rolu” mövzusunda məruzə ilə çıxış edib. Z.İbrahimov ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülən işlərə diqqət çəkərək, 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının hazırlandığını bildirib. Məruzəçi 2017-2018-ci illərdə ölkədə inflyasiya tempinin əhəmiyyətli dərəcədə azalmasına təsir edən amilləri açıqlayıb, bu istiqamətdə həyata keçirilən monetar və fiskal siyasətin, o cümlədən məzənnə dayanıqlığı siyasətinin xüsusi rolunu qeyd edib.
Maliyyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev, “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev və professor Mübariz Bağırov seminarda mövzu ilə bağlı çıxış ediblər. UNEC-in alimləri ölkədə aparılan uğurlu məqsədyönlü siyasət nəticəsində milli iqtisadiyyatın qlobal gərginliyə və risklərə qarşı daha yüksək dayanıqlıq nümayiş etdirdiyini, iqtisadi artımın davamlı olduğunu, makroiqtisadi sabitliyin qorunduğunu, həmçinin manatın məzənnəsinin sabitliyinin təmin edildiyini bildiriblər.
Seminarın sonunda ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.