UNEC-də Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar keçirilib.
Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı və “Humanitar fənlər” kafedrasının iştirakı ilə keçirilən tədbirdə fakültə dekanı, professor Vəkil Hüseynov 2019-cu ilin Nəsimi ili elan olunmasının əhəmiyyətindən danışaraq UNEC-də bununla bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Nəsimi irsinin öyrənilməsinin mənəvi dəyərlərimizin təbliğində vacib rol oynadığını bildirən V.Hüseynov dahi şairin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu deyib.
“Humanitar fənlər” kafedrasının dosenti Afaq Məmmədova “Nəsimi yaradıcılığında hürufilik ideyalarının təbliği” mövzusunda məruzə ilə çıxış edib. O, Nəsimi yaradıcılığının çoxşaxəli olması, bədii-ədəbi, hüquqi, fəlsəfi, astronomik və digər sahələri əhatə etməsi barədə geniş məlumat verib. Nəsiminin yaşadığı tarixi şərait, o dövrün fəlsəfi ideyaları barədə ətraflı məlumat verən məruzəçi, xüsusi olaraq şairin şerlərində hürufilik ideyalarını bədii misallarla ətraflı şərh edib.
A.Məmmədova seminar iştirakçılarının suallarını cavablandırıb.