A

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə “Elm aylığı” çərçivəsində Tədqiqat Mərkəzləri tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlərin onlayn təşkilinə start verilib.

Bu silsilədən olan ilk tədbir Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən “Qlobal iqtisadiyyatın yeni lokomotivi: Türk Dünyasında elektron ticarət problemləri və perspektivləri” mövzusuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov son zamanlar dünyanı əhatə edən koronovirus pandemiyasının təhsil müəssisələri qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoyduğunu, təhsilin və idarəetmənin fasiləsizliyinin təmin edilməsini özünün prioritet vəzifəsi olaraq həyata keçirən UNEC-in bu prosesə daha çevik adaptasiya olduğunu vurğulayıb. Mövcud vəziyyətdə təhsilin, idarəetmənin, iqtisadiyyatın əksər sahələrinin, xüsusilə də ticarətin onlayn platformaya keçidi belə bir mövzuda seminarın keçirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos. Oqtay Quliyev təqdimatla çıxış edərək elektron ticarətin yeni bazarlara çıxış, maya dəyərinin azaldılması və effektiv idarəetmə baxımından çox təsirli olduğunu, bu baxımdan elektron ticarətin texnoloji, təşkilati, informasiya və digər lokomotivlərinin diqqətə alınmalı olduğunu vurğulayıb. Dünyanın qlobal şirkətləri ilə müqayisədə Azərbaycan firmalarının kiçik olması və güclü sərmayəyə sahib olan böyük firmalarla rəqabətin çətin olması, daha az xərclə daha geniş bazarlara çıxma imkanı təmin edən elektron ticarətin önəminin daha da artdığı barədə fikirlər səsləndirib.

Ankara Yıldırım Beyazit Universitetinin dosenti Yüksel Akay Ünvan elektron ticarətin əmtəə və xidmətlərindən danışıb. Elektron ticarət sahəsində Türkiyədə olan boşluğun aradan qaldırılması üçün innovativ tətbiqlərə ehtiyac olduğunu qeyd edib.

Van Yüzüncü Yıl Universitetinin dosenti Faruk Kalay elektron ticarəti həm mikro, həm də makro baxımından vacibliyinə diqqə çəkib. Türk dünyasında miqyasda fəaliyyət göstərən şirkətlərin olmadığını, (Amazon, AliExpress kimi), bu cür şirkətlərə dünya ilə rəqabət baxımından ehtiyac olduğunu, Türk şirkətlərinin qlobal miqyasda xaricdəki Start-up şirkətləri ilə əməkdaşlıq edə biləcəklərini vurğulayıb.

Sakarya Universitetindən Dr. Adem Akbıyık elektron ticarətin sosial media və sosial ticarət barədə danışıb. Yeni dövrdə istehlakçıların sosial müştərilər olaraq qəbul olunduğunu, özləri kimi düşünən insanlarla ünsiyyət quraraq, internet üzərindən ünsiyyətə üstünlük verdiklərini, internet mühitində təqdim etdikləri təkliflərə güvəndiklərini, mümkün qədər onlayn alış-veriş etdiklərini vurğulayıb.

UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı i.f.d. Şahin Əkbərov e-ticarətin ünsiyyət perspektivinin Azərbaycandakı durumunun təhlili məqsədilə bakalavr və magistr tələbələri tərəfindən icra edilən tədqiqatın nəticələrindən bəhs edib, sosial medianın e-ünsiyyətdəki roluna diqqət çəkərək, veb ünsiyyətin Azərbaycan şirkətlərindəki mövcud vəziyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda seminar iştirakçıları tərəfindən müzakirələr aparılıb və gələcəkdə aparılacaq tədqiqatlar barədə təkliflər verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay