A

UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının təşkilatçılığı ilə biznes subyektlərinin texnologiya savadlılığının artırılması məqsədilə “Elektron bankçılığın tətbiqi və perspektivləri” mövzusunda onlayn təlim keçirilib.

Təlimdə Hidromaş Servis QSC, Qamma inşaat MMC, Milli kart MMC, Lunchef MMC, Coiven MMC, Laaristokratiye MMC, Zaqatala 1 saylı istehsalat şirkətinin rəhbərləri daxil olmaqla, 60-dan çox sahibkar, eləcə də ölkənin aparıcı banklarının məsul şəxsləri iştirak edib.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri, əməkdar müəllim, professor Əvəz Ələkbərov ölkədə e-bankçılığın, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində qəbul olunan dövlət proqramlarından danışıb. Proqramların vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Ə.Ələkbərov UNEC-də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif mövzularda onlayn təlim və sertifikat proqramlarının keçirildiyini bildirib.

“Bank of Baku”nun departament direktoru Tamerlan Rüstəmov “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin təqdimatını edib. İqtisadyönümlü ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan dərslikdə rəqəmsal ödənişlər, ödəniş ekosistemi, e-pul, e-bankçılıq xidmətləri, rəqəmsal ödəniş zamanı yaranan problemlər və onların həlli yolları barədə metodoloji təhlillərin aparıldığını deyib.

Sonra UNEC-in professoru Elnur Sadıqov “Bankların elektron xidmətləri və rəqabətliyin artırılması” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi blokçeyn texnologiyalarının tətbiqi və kriptovalyutalardan istifadə perspektivlərindən də danışıb.

Azərbaycan Beynəlxalq Bankının departament direktorunun müavini Əfqan Abbasov təmsil etdiyi bankın innovativ məhsul və xidmətlərinin yaratdığı imkanlar barədə təlim iştirakçılarına ətraflı məlumat verib.

Təlim UNEC-in dosenti Zöhrab İbrahimovun “Bank müştərilərinin elektron xidmətərlə maarifləndirilməsi yolları” barədə çıxışı ilə davam edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova sahibkarların e-bankçılıqla bağlı savadlılığının artırılmasının əhəmiyyətindən danışaraq, təlimin onlar üçün faydalı olacağını deyib.

Çıxışlardan sonra Kapital Bank, Nikoil Bank, Muğan Bank, Pakistan Bank, eləcə də ölkənin digər aparıcı banklarının nümayəndələri sahibkarların e-bankçılıqla bağlı suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay