UNEC-də Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Dizayn Məktəbi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə “İslam moda industriyasi: yeni trendlər və perspektivlər” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri prof.Zahid Məmmədov mövzunun aktuallığına və hamı tərəfindən maraqla qarşılanmasına diqqət çəkərək, bu mövzuda kitabın və jurnalın nəşr olunması barədə fikirlərini iştirakçılarla bölüşüb.
Seminarın moderatoru UNEC Dizayn Məktəbinin direktoru dos.Lalə Məmmədova İslam moda industriyasının son zamanlar surətlə inkişaf etməsini dünyanın İslam dininə artan dəyərinin göstəricisi kimi qəbul olunduğunu qeyd edib. Artıq müasir moda nümayişlərində Dolce&Gabbana, DKNY, Tommy Hilfiger, Zara, Mango və s. kimi tanınmış markalar tərəfindən müsəlman geyimlərinin təbliğ olunduğunu vurğulayıb.
UNEC Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova “Müsəlman geyimindəki rəng simvolizmi və rəng üstünlükləri” mövzusunda təqdimatla çıxış edərək, müsəlman aləminin müqəddəs kitabı olan Qurani-Kərimdə həkk olunan surə və hədislərə istinad olaraq rənglərin xüsusiyyətlərindən, onların geyim mədəniyyətində inteqrasiyasından danışıb. Müsəlman əhalisi üçün libas hazırlayarkən dizaynerlərin ilk növbədə, bu gün ən çox tələb olunan və xalqın bədii irsi ilə genetik cəhətdən əlaqəli olan rənglərə üstünlük verdiklərini iştirakçıların diqqətinə çatdırıb.
Kiyev Milli Texnologiya və Dizayn Universitetinin doktorantı Elnarə İsgəndərova “Ukrayna mədəniyyəti kontekstində İslam modası” mövzusunda hazırladığı təqdimatda geyimin insan şəxsiyyətini təyin edən əsas amil olduğunu vurğulayıb. Hər bir cəmiyyətin, xüsusən də İslam aləminin özünəməxsus geyim adətlərinin mövcud olduğunu və bu adətlərə riayət edilməli olduğunu bildirib.
Birləşmiş Krallıq, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin əməkdaşı Katerina Kriçlou “Müasir Birləşmiş Krallıq kontekstində İslam dəbi” mövzusunda təqdimatla çıxış edərək, bildirib ki, artıq məşhur brendlər İslam dininin qadınları üçün inanılmaz dərəcədə gözəl geyimlər yaradırlar ki, bu da xanımların dəbli görünmələrini və öz üslublarına sahib olmalarını təmin edir. Londonda İslam modası kontekstində keçirilən moda nümayişlərinin islami yaşam tərzinin və hicablı geyimdən istifadənin genişlənməsinə təsir edəcəyini vurğulayıb.
Daha sonra UNEC Dizayn kafedrasının müəllimi Nərminə Namazova “Müsəlman aləmində dəbin formalaşması” mövzusunda təqdimatla çıxış edərək hər bir xalqın özünəməxsus, əsrlər boyu formalaşan adət və ənənələri, özünün orijinal və təkrarolunmaz geyim tərzi olduğunu bildirib. Həmçinin qeyd edib ki, geyimin biçimi, ornamenti və detalları hər bir xalqın fərdi xüsusiyyətlərini, inanclarını özündə əks etdirir ki, İslam dininə görə qadın geyimlərinin də şəriət qaydalarına uyğun olması vacibdir.
UNEC İslam Maliyyə Mərkəzinin təqiqatçısı Əfqan Musayev “İslam moda industriyasının inkişafında İslam maliyyəsinin rolu” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Azərbaycanın ixracyönümlü istehsalının təşkili üçün ilk növbədə ixrac oluna biləcək ölkələrin bazarlarının öyrənilməsi vacibdir. Bu baxımdan İslam ölkələrində daxili moda tələbatının öyrənilməsinin mühüm istiqamət olduğunu qeyd edib.
Seminar iştirakçıları Hümeyra Hüseynova, Aqşin Hüseynov islami qadın geyimlərinin üslubundan və özünəməxsus tərzindən danışaraq, islam dəbinin dünyada bir çox şeyi dəyişdirmək potensialına malik oluğunu qeyd ediblər.
UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova seminarda səsləndirilən təkliflər barədə öz fikirlərini bildirib.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.