UNEC əmək bazarının və korporativ sektorun təlim ehtiyaclarını dəyərləndirərək spesifik sertifikat proqramına start verib.
Bu istiqamətdə ilk təlim UNEC-in Karyera Mərkəzinin direktoru, rəqəmsal marketinq üzrə Facebook və Google tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov tərəfindən təşkil olunub. 2 ay boyunca davam edəcək 48 saatlıq praktiki proqram beynəlxaq təcrübə əsasında tərtib edilib və sıfırdan peşəkar səviyəyə qədər 24-dən çox mövzu əhatə olunub.
İlk təlimə qoşulan 15 dinləyici Azərbaycanın nüfuzlu şirkətlərinin marketinq mütəxəssisləri, reklam agentliklərinin nümayəndələri, dövlət qurumlarının əməkdaşları, eləcə də bu istiqamətdə karyera qurmaq istəyən məzunlardan ibarətdir.
Sertifikat proqramını uğurla bitirən dinləyicilər rəqəmsal marketinqdə hədəfləmə, ölçmələr, Google-Facebook-Instagram reklamları, Re-marketinq texnikaları, Google Analytics, Axtarış Sistemləri Optimizasiyası kimi mövzularda peşəkar biliklərə sahib olacaqlar.