A

“Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda keçirilən tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC İslam Maliyyə Mərkəzi, Meybullayev İslam İqtisadiyyatı Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu və İstanbul Sabahattin Zaim Universitetinin (İZÜ) birgə təşkilatçılığı, UHY Audit şirkətinin maliyyə dəstəyi ilə reallaşıb.

UNEC Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin və İslam Maliyyə Mərkəzinin rəhbəri prof. Zahid Məmmədov moderatorluğuyla başlayan videokonfransda Milli Məclisin deputatı Ceyhun Məmmədov və  Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov salamlama nitqi ilə çıxış edərək bildiriblər ki, ölkəmizdə son dövrlər aparılan quruculuq işləri ilə əlaqədar İslam maliyyə məhsulları vasitəsi ilə iqtisadiyyata investisiyaların cəlbi günün aktual məsələsinə çevrilib.

Daha sonra İstanbul Sabahattin Zaim Universitetinin dekanı professor Dr.İbrahim Güran Yumuşak, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev, İqtisadi Resursların Öyrənilməsi mərkəzinin sədri Ruslan Atakişiyev, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova İslam maliyyəsi fənninin tədrisində Türkiyə təcrübəsi, fənn bloklarının qurulması, tədris proqramlarının hazırlanması prosedurları üzrə məruzə ilə çıxış ediblər.

Konfransda onlayn paltforma üzərindən universitetlərin iqtisadiyyat və maliyyə fakültələrinin müəllim və tələbələri, bank, sığorta və investisiya şirkətlərinin əməkdaşları, sahibkarlar, tədqiqatçılar və doktorantlar iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, son dövrlər dünyanın 102 ölkəsində İslam maliyyəsi sistemi tətbiq olunmaqla 1400-dən çox İslam maliyyə institutu fəaliyyət göstərir və onların aktivləri 3.8 trl. ABŞ dolları, illik artım tempi isə 10-15 % təşkil edir.

Müasir dövrdə dünya iqtisadi sistemində əhəmiyyətli çəkiyə malik olan və Azərbaycanın inkişaf konsepsiyalarında gələcəkdə geniş tətbiqi nəzərdə tutulan İslam maliyyə sistemi üzrə ali təhsil müəssisələrində kadr hazırlığının təşkili günün aktual məsələsinə çevrilib.

Konfrans auditoriyanın böyük marağına səbəb olub, sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.

Konfransı izləyə bilərsiniz

TOP XƏBƏRLƏR