UNEC-də “Elmi tədqiqatlar və akademik azadlıq” mövzusunda onlayn seminar keçirilib.
UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminar tədqiqat mərkəzinin rəhbəri dos. Altay İsmayılovun moderatorluğu ilə keçirilib.
Seminarda Altay İsmayılov elmi tədqiqatlarda akademik azadlıq mövzusunun aktuallığına toxunaraq, elmi tədqiqatların əhəmiyyətindən danışıb. Bildirib ki, elmi tədqiqatlar varsa, demək ki, problemlər də vardır və problemlərin həlli üçün tənqidlərə açıq olmaq lazımdır. Müasir universitetləri uğurlu araşdırma mərkəzlərinə çevirə bilmək üçün isə akademik azadlığın təmin olunmasına ehtiyac olduğunu bildirib.
ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynli Akademik azadlıq, təhsil sektorunun liberallaşmasından söz açaraq, yeni araşdırma mövzuları və yanaşmalara tolerantlıq göstərilməsinin əhəmiyyətindən danışıb. Təhsil və öyrənmə prosesinin qarşıda duran hər bir problemi araşdıran və həlli yollarını tapan dialoq olduğunu deyib.
Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, gənc müəllim Təhmasib Əlizadə akademik azadlığın əsas aspektlərinə toxunaraq, akademik azadlığın elm adamlarının tədris, araşdırma və nəşr fəaliyyətləri zamanı əsas sayılan təməl azadlıq prinsipi olduğunu deyib. Qeyd edib ki, Universitetlər akademik azadlığı gücləndirməklə yalnız elmi araşdırmaları deyil, eyni zamanda bəşəri dəyərləri qoruyub, öyrədib, gücləndirə bilərlər.
Seminarında suallar cavablandırıb, təklif və tövsiyələr səsləndirilib.
Seminar Facebook səhifəsindən canlı yayımlanıb.