UNEC-də “İqtisadi inkişafa innovativ yanaşma zərurəti: müqayisəli təhlil və tətbiqlər” mövzusunda onlayn panel müzakirəsi keçirilib.
Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə şöbə müdiri Rəna Hüseynova universitetdə yaradılan tədqiqat mərkəzləri barədə məlumat verib. O, mərkəzlər tərəfindən iqtisadiyyatın aktual sahələrini əhatə edən bir sıra tədbirlərin keçirildiyini, tədbirlərə yerli və xarici təşkilatların nümayəndələrinin qatıldığını vurğulayıb.
Sonra Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, tədbirin moderatoru dos.Altay İsmayılov iqtisadi inkişafda innovativ yanaşmanın zəruriliyindən söz açaraq, iqtisadi inkişafa müasir yanaşmadan danışıb. Məruzəçi, həmçinin innovativ iqtisadi inkişafın stimullaşdırılması üçün lazım olan bazanın formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Macarıstanın Seqed Universitetinin Maliyyə və Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun doktorantı İbrahim Niftiyev “Cənubi Qafqaz iqtisadiyyatının innovativliyinin qiymətləndirilməsi: əsas trendlər və faktorlar” mövzusunda məruzə ilə çıxış edərək, qloballaşma, elmin inkişafı və insan kapitalına əsaslanan inkişafdan danışıb. O, təqdimatında Cənubi Qafqazda tənəzzüldən ötən dövr ərzində innovativlik və onun əsas hərəkətverici qüvvələri barədə ətraflı məlumat verib.
Adolfo Ibanez Universitetinin Bərpaolunan enerji üzrə MBA proqramının direktoru (Çili) assoc.prof. Şəhriyar Nəsirov isə tədbirdə “Energetika sektorunda innovasiyaların rolu” mövzusu ilə çıxış edib. Alim bərpa olunan enerji mənbələrinin iqtisadiyyatın şaxələndirilməsindəki rolundan, bu enerjinin neft və qazın üstünlük təşkil etdiyi ölkələrdə texnoloji innovasiyalara yaratdığı imkanlarından söz açıb.
Tədbirdə UNEC Biznes Məktəbinin direktoru dos. Nazim Hacıyev, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının müdiri dos. Sevər Məmmədova, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr Universitetinin tədqiqatçısı Dr. Elxan Richard Sadik-zada və başqaları xarici ölkələrin təcrübəsində iqtisadi inkişafa innovativ yanaşma metodları barədə fikirlər səsləndiriblər.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.