A

UNEC-də “Tədqiqat və sahibkar universitetlərinə çevrilmək istiqamətində elmi tədqiqatların, qrant layihələrinin və ixtiraların rolu” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun UNEC-100 İnkişaf Strategiyasının məqsəd və hədəflərinin icrasını təmin etmək baxımından aktuallığına diqqət çəkib.

Sonra UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev “Elmmetriyada tədqiqatçıların elmi-fəaliyyətinin qiymətləndirilməsi. Elmi məqaləni necə yazmalı?” mövzusunda təqdimatla çıxış edib. O, tədqiqatçının elmi fəaliyyətində, eləcə də universitet və ölkənin reytinqinin təyin edilməsində elmmetrik və vebometrik göstəricilərin rolundan danışıb. İnformasiyanın toplanılması, elmi məzmunlu məsələlərin araşdırılması, məqalələr üçün jurnalların seçilməsi, məqalə yazmaq üslubu ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Seminarın məruzəçisi Tural Nağıyev “Universitetlərdə qrant layihələrin rolu. Tədqiqat mərkəzlərinin maddi-texniki bazasının yaradılması, infrastrukturun qurulması, davamlı dəstəklənməsi və yenilənməsi, peşəkarlığın yüksəldilməsi” mövzusunda təqdimatla çıxış edərək, universitetlərin rəqabət qabiliyyətliliyini müəyyən edən amillərdən söz açıb. Həmçinin qrantın əldə edilməsi və layihələrin həyata keçirilməsində tədqiqat mərkəzlərinin maddi-texniki bazasının yaradılmasına, yenilənməsinə və davamlı dəstəklənməsinə ehtiyac olduğunu vurğulayıb.

Mərkəzin tədqiqatçısı Tahir İbrahimov isə patent və ixtiraların hazırlanması, elmi nəticələrin istehsalatda tətbiqi, iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi barədə çıxış edib. Patent almaq üçün qoyulan şərtlər barədə ətraflı məlumat verən məruzəçi, elmi nəticələrin istehsalatda tətbiqi baxımından ixtiraların vacibliyindən söz açıb.

Seminarın sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə seminar şöbənin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay