A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maraqlı MBA - Rəhbərin masaüstü kitabı”nın təqdimatı keçirilib.

Azərbaycan Beynəlxalq Bankın maliyyə dəstəyi ilə çap olunan kitabın müəllifi bank-maliyyə sahəsində geniş təcrübəyə malik olan, ölkənin aparıcı banklarından birinin rəhbəri olmuş Elşən Bədirxanovdur.

Təqdimatda çıxış edən Elşən Bədirxanov kitab barədə məlumat verib. Bildirib ki, kitab rəhbərə lazım ola biləcək, əksər mövzuları əhatə edir. Kitabda müəllif yanaşması ilə birlikdə görkəmli biznes müəllifləri və rəhbərlərinin təcrübəsi də yer alıb. Kitabın korporativ mədəniyyət, liderlik, motivasiya, emosional intellekt, danışıqların aparılması, vaxtın, dəyişikliklərin, layihələrin idarəedilməsi, kritik və sistemli, strateji menecment mövzularına həsr olunan fəsillərinin biznes top menecerlərlə yanaşı, biznes sahibləri, eləcə də tələbələr üçün faydalı olacağını diqqətə çatdırıb.

Tədris üzrə prorektor dosent Gəray Musayev müəllifə və Azərbaycan Beynəlxalq Bankına belə bir kitabı ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib. Azərbaycan dilində menecment sahəsində strateji mövzuları əhatə edən bilik resurslarının yaranmasının önəmini vurğulayıb.

Təqdimatda UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov, ABB-in nümayəndəsi Könül Hilal, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru professor Zahid Məmmədov, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, kafedra müdiri dosent Sevər Məmmədova və digərləri çıxış edərək kitabın tələbələr və korporativ sektor üçün əvəzolunmaz vəsait olduğunu bildiriblər.

TOP XƏBƏRLƏR