A

UNEC-in Maliyyə və mühasibat fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Müasir geosiyasi dəyişikliklər fonunda maliyyə səmərəliliyinin yüksəldilməsi və mühasibat uçotunun təşkili problemləri” mövzusunda tələbələrin elmi seminarı keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri professor Əvəz Ələkbərov çıxış edərək, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, yüksək insani keyfiyyətləri, dövləti idarə etmə bacarığı haqqında tələbələrlə öz xatirələrini bölüşüb.

Elmi seminarda tələbələr Elcan Ramazanlı “Qarabağda xarici və yerli investisiya”, Mirəbbas Şavruqlu “Geosiyasi dəyişikliklər fonunda maliyyə bazarlarının inkişafı”,  Nəzrin İbrahimli “Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin risklərinin idarəetmə uçotunun informasiya-analitik təminatı”, Arif Qurbanov “İnflyasiya və ona görə qarşı görülməli olan tədbirlər”, Nigar Fərəcova “Maliyyə bazarlarında risklərin idarə edilməsi”, Ülviyyə Hüseynova və Tural Adıgözəlov “İşğaldan azad edilmiş ərazilərdə maliyyə səmərəliliyinin yüksəldilməsi istiqamətləri”, İlyas Qantayev “Ölkəmizdə turizm iqtisadiyyatının inkişafının maliyyə problemləri və təkmilləşdirilməsi istiqamətləri” və Vüqanə Nurəliyeva “Heydər Əliyev antiinflyasiya tədbirlərinin banisidir” mövzuları ilə çıxış ediblər.

Məruzələrdən sonra fakültə dekanı, iqtisad elmləri namizədi Hafis Hacıyev, Maliyyə və maliyyə institutları kafedrasının müdiri professor Əvəz Ələkbərov və Mühasibat uçotu və audit kafedrasının müdiri professor Sifariz Səbzəliyev tələbələrin öz sahələri üzrə tədqiqat aparmalarını yüksək qiymətləndirərək, elmi seminarın təşkil olunmasının tələbələrdə təhlil və araşdırma bacarığının artırılması, natiqlik qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirdilər.

Sonda çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR