UNEC-də “Şuşa İli” çərçivəsində Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun resurs potensialı və ondan istifadə imkanlarının artırılması” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb. “Şuşa İli” çərçivəsində Tədqiqat Mərkəzləri tərəfindən keçirilən silsilə tədbirlərin Qarabağda quruculuq işlərinə öz töhfəsini verəcəyəni bildirib.
Mövzu ətrafında çıxış edən UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri professor İrşad Kərimli qeyd edib ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun dayanıqlı və dinamik inkişafı üçün iqtisadi fəaliyyətin modelləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Məruzəçi yaxın perspektivdə yeni yaradılmış iqtisadi rayonlarda Ağıllı kənd konsepsiyasının inkişaf etdirilməsinin sahibkarlığın inkişafı üçün zəmin yaradacağını bildirib.
UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin tədqiqatçısı Mayis Gülalıyev təqdimatla çıxış edərək bildirib ki, yeni iqtisadi rayonlaşma prinsipi ölkənin iqtisadi fəallığının artırılmasına, dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsinə, regionlarda sahibkarlığın və biznesin inkişafına və sosial-iqtisadi inkişafın sürətləndirilməsinə əlavə imkanlar formalaşdıracaqdır.
İsveçrə St Qallen Universitetinin Siyasi Elmlər və İqtisadiyyat Məktəbinin doktorantı Nərgiz Hacıyeva öz çıxışında ermənilərin Qarabağ ərazisində törətdiyi əməllərin beynəlxalq hüquq normalarına ziddi olduğunu, yaranan zərərin ödənilmədiyi halda ermənilərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalarının vacibliyindən danışıb.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən ona ünvanlanan suallar cavablandırılıb.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.