A

UNEC-də “Şuşa İli” çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Şuşanın sosial-iqtisadi dirçəlişinin bütün türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” adlı onlayn beynəlxalq seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etdiyini və bu münasibətlə UNEC-in “Şuşa İli” ilə bağlı Tədbirlər Planının hazırlandığını və UNEC Rektoru professor Ədalət Muradovun əmri ilə təsdiq edildiyini qeyd edib. Tədbirlər Planına əasən UNEC-də silsilə tədbirlərin keçirildiyini və bu seminarın da növbəti tədbir olduğunu vurğulayıb.

Daha sonra UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, i.e.d., prof. Şəfa Əliyev “Şuşanın dirçəldilməsi Türk dünyasının coğrafiyasının birləşməsində həlledici təkan kimi” mövzusunda məruzə edib. Məruzədə Şuşanın iqtisadi-tarixi inkişafının mühüm aspektlərinə toxunulub və müasir dövrdə şəhərin dirçəldilməsi ilə bağlı təkliflər irəli sürülüb. Sonra Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin İqtisadiyyat kafedrası və İqtisadi Siyasət Bölməsinin müdiri prof. Dr. Kerem Karabulut “Müasir dövrdə Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji rolu” mövzusunda məruzə edib, natiq öz məruzəsində Türkiyə-Azərbaycan strateji əməkdaşlığının prinsipial məsələlərini açıqlayıb, Zəngəzur dəhlizinin əhəmiyyətini əsaslandırıb. UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin üzvü, i.e.f.d., dosent Mayis Əzizov “Şuşanın sosial-iqtisadi inkişafının regiona təsiri" adlı məruzə ilə çıxış edib. O, Şuşa şəhərinin dirçəldilməsinin təkcə Azərbaycanın yox, bütövlükdə, regionun və Türk dünyasının inkişafına edə biləcəyi təsir dairəsini açıqlayıb və qiymətləndirib. Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosentı, i.ü.f.d. Həzi Eynalov “Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri” məruzəsində bu iqtisadi rayonda kənd təsərrüfatının perspektivli sahələrinin inkişaf etdirilməsi məsələlərinə toxunub və təkliflər verib. Hoca Ahmet Yesevi Uluslararası Türk-kazak Universitetinin (Qazaxıstan) Avropa Elmi-tədqiqat İnstitutunun nümayəndəsi Kanat Maxanov “Türk dünyası və turizmin inkişafı kontekstində Şuşa şəhərinin simvolu” adlı məruzə ilə çıxış edib. Məruzədə Şuşanın Türkdilli dövlətlərin coğrafiyasının birləşdirilməsində müasir rolu ilə bərabər, həm də Şuşada turizmin, o cümlədən, hərbi turizmin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mövzu ətrafında maraqlı və faydalı diskussiyalar aparılıb, UNEC professoru Arif Şəkərəliyev, dosentlər Mirağa Əhmədov və İlqar Xəlilov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Zakir Əhmədov çıxış edərək, müzakirə olunan problemlərə dair fikirlərini bildiriblər.

Beynəlxalq seminarın iştirakçıları bu kimi tədbirlərin faydalı olacağını və gələcəkdə bu qəbildən olan tədbirlərin iştirakçıları kimi Türkdilli dövlətlərin coğrafiyasının genişləndirilməsi və digər dövlətlərdən olan tədqiqatçıların cəlb edilməsinin vacibliyini vurğulayıblar.

Tədbir Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay