UNEC-də “Cənubi Qafqaz bölgəsinin iqtisadi dirçəlişi və inteqrasiya proseslərində Zəngəzur dəhlizinin önəmi” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışaraq, seminarın “Şuşa İli” və “8 Noyabr – Zəfər Günü” ərəfəsində UNEC-də keçirilən silsilə tədbirlərdən biri olduğunu qeyd edib.
UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı təqdimatla çıxış edərək, Zəngəzurun qərb hissəsinin 1920-ci ildə heç bir əsas olmadan Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə türk dünyasının coğrafi parçalanmasının baş verdiyini bildirib. Qədim Azərbaycan torpağı olan Zəngəzurun Azərbaycana qaytarılmasının yalnız Qafqaz üçün deyil, region üçün strateji əhəmiyyətə malik olduğunu, bu ərazidən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin bütün Türk dünyasını birləşdirəcəyini, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacağını diqqətə çatdırıb.
Mərkəzin tədqiqatçısı Tariyel Babayev Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən söz açıb. Bu dəhlizin yaradılması ilə formalaşan yeni iqtisadi yanaşmanın Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacağını və Qarabağ regionunun iqtisadi potensialının artmasında xüsusi rol oynayacağını qeyd edib.
UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarı https://fb.watch/gwNtqs93HA/ linkinə keçid etməklə izləyə bilərsiniz.