A

UNEC-də “İnnovasiyanın insan amili: risklər və resurslar” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədqiqat mərkəzlərinin fəaliyyət istiqamətləri, aparılan araşdırmalar barədə iştirakçılara ətraflı məlumat verib.

Mövzu ilə bağlı çıxış edən Ural Federal Universitetinin İnnovasiya və əqli mülkiyyət kafedrasının dosenti Eduard Patrakov innovativ iqtisadiyyatın inkişafında iqtisadi resursların əhəmiyyətindən bəhs edib. Sistemi idarə edən intellektual və texnoloji potensialın insan kapitalının inkişafındakı rolundan, eləcə də risklərin metodoloji təhlilindən danışan məruzəçi, risklərin öyrənilməsinə müxtəlif yanaşmaların olduğunu vurğulayıb. İnnovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artmasının, bura yeni sosial qrupların cəlb edilməsinin, innovasiyanın inkişafına istiqamətlənən institusional sistemin yaradılmasının bu sahədə əsas faktorlardan olduğunu diqqətə çatdırıb.

Seminarda insanın yeni texnologiyalara münasibətinin koqnitiv, affektiv və davranış komponentlərinin müəyyən edilməsi məqsədilə məruzəçinin hazırladığı sorğu iştirakçılar tərəfindən elektron formada cavablandırılıb.

UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov UNEC ilə Ural Federal Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq əlaqələrindən söz açıb. Texnologiyalar arasında qarşılıqlı əlaqənin, yeni biliklərin iqtisadiyyatın sürətli inkişafına təsirlərindən bəhs edib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçiyə ünvanlanan suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR