UNEC-də “Şuşa ili” çərçivəsində “Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” mövzusunda respublika konfransı keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin, Mingəçevir Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Qərbi Kaspi Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Texnologiya Universitetinin və digər ali təhsil müəssisələrinin kafedra müdirləri, professor-müəllim heyəti, doktorant və gənc tədqiqatçıları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova tədbirin “Şuşa İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
Tədbirin moderatoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyev bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra Qarabağda aparılan yenidənqurma və quruculuq işləri yaxın gələcəkdə bu diyarın bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və turizm mərkəzlərindən biri olacağını deməyə əsas verir. Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara, nadir iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb.
Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanov “Qarabağ iqtisadi rayonunun turizm-rekreasiya potensialı və perspektivləri" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqaməti işğaldan azad olunmuş ərazilərdə nəqliyyat-logistika infrastrukturunun qurulmasıdır. Şuşada geniş rekreasiya imkanlarının olduğunu qeyd edən məruzəçi, bu resurslardan səmərəli istifadə etməklə turizm-rekreasiya komplekslərinin yaradılmasının, brend otellərin tikilməsinin, sanatoriya şəbəkəsinin genişləndirilməsinin mümkünlüyündən danışıb.
DİA-nın Dövlət idarəetməsi və menecment kafedrasının müdiri prof. Xatirə Hüseynova “Qarabağ iqtisadi rayonunda turizmin inkişaf prioritetləri” mövzusunda çıxış edərək bildirib ki, Qarabağ iqtisadi rayonunda turizmin inkişafına təkan verə bilən bir sıra prioritetli turizm sahələri vardır ki, onların da inkişafı gələcəkdə regionda turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsinə köməklik edəcəkdir. Məruzəçi qeyd edib ki, işğaldan azad olunmuş torpaqların, xüsusən də mədəniyyət paytaxtı kimi Şuşanın potensialından istifadə olunması mədəniyyət turizminin inkişafına şərait yaradacaqdır.
Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov “Naxçıvan-Qarabağ turizm potensialının reinteqrasiyası və turizm marşrutlarının formalaşdırılması imkanları” mövzusunda təqdimatla çıxış edib. O, Naxçıvanla Qarabağın təbii turizm ehtiyatları, xüsusən müalicə-sağlamlıq və dağ-relyef ehtiyatları baxımından kurort-sanatoriya, passiv ekoturizm və tanışlıq turizmi növləri ilə yanaşı, bir sıra yeni turizm növlərinin - dağ yürüşləri, foto ovçuluq, raftinq, ekstrim və s. tətbiqi üçün də geniş imkanlar yaradacağını diqqətə çatdırıb.
Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Çıxış edənlər Azərbaycanın dövlət siyasətinin əsas hədəflərindən biri olan turizm imkanlarının genişləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.
Tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.