Bazar iqtisadiyyatının qaydaları yeniləşən cəmiyyətimizin qarşısında önəmli sosial sifariş qoyur: yeni düşüncə tərzinə, təfəkkürə, hərtərəfli dünyagörüşünə malik insan yetişdirmək. Bu sosial sifariş tədris prosesində mühüm ictimai-pedaqoji, sosial-mədəni əhəmiyyət daşıyan məsələlərdir ki, əsas mahiyyətini insan, onun bilik və bacarıqları, kompetensiyaları, əxlaqi-mənəvi dəyərləri təşkil edir. Nəticə etibarı ilə insanın özünü reallaşdırmasına güclü stimul yaranır. Deməli, bu rəqabət ali məktəbləri bitirən gənclərdən biliyi praktikada tətbiq etmək, sosial davranışlarla əlaqələndirilmək və digər bu kimi bacarıqlara malik vacib keyfiyyətləri özündə əxz etməsini tələb edir. Çünki hər bir ölkə təkcə iqtisadi deyil, həm də mənəvi-intelektual rəqabəti gücləndirməklə də öz inkişaf dinamikasını sürətləndirir. Məhz bu intelektualın inkişafı, yuxarıda qeyd etdiyimiz rəqabətin daşıyıcılarının yetişdirilməsi təhsil sistemi ilə, orada çalışanların gərgin əməyi nəticəsində təmin edilir. Bu vəzifənin öhdəsindən gəlmək üçün ali məktəblərdə Bolonya prosesinin prinsipləri, professor – müəllim heyətinin pedaqoji ustalığının təkmilləşdirilməsi diqqət mərkəzində olmalıdır.
Son zamanlar Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Universitetdə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir. Professor – müəllim heyətinin peşəkarlığının artırılmasında mühüm rol oynayan Qış və Yay məktəblərinin təşkil edilməsi artıq bir ənənə halını almışdır. Bu ilQış məktəbinin “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” adında keçirilmiş təlim proqramı çox maraqlı mövzuları özündə ehtiva edirdi. Onu da qeyd etmək lazımdır ki, məktəb həm təşkilatı, həm də məzmun baxımından çox yüksək səviyyədə təşkil olunmuşdur. 4-9 fevral arasında keçirilmiş təlimlər müəllimlər təhsilin idarəedilməsi, tədris auditoriyasının təşkil edilməsinin pedaqoji və psixoloji xüsusiyyətləri haqqında, biliyin qiymətləndirilməsi, tələbələrin bacarıqlarının inkişaf etdirilməsi, dərslik və kurs materiallarının, sillabusların standartlara uyğun hazırlanması və s. mövzular üzrə dünya pedaqoji texnologiyasında sınaqdan çıxmış metodlar sistemindən faydalanmaq imkanı qazandılar.Hesab edirik ki, bir-birindən maraqlı mühazirələr və praktik məşğələlər dinləyicilərdə öz fəaliyyətlərində bu qaynaqlardan səmərəli istifadə etmək və milli dəyərlərə söykənən orijinal modelini yaratmaq üçün əlverişli zəmin yaratdı. Təlimləri Fransa, Türkiyə, Azərbaycan olmaqla üç müxtəlif ölkənin təhsil mütəxəssisləri aparırdı. İştirakçısı olduğum bu təlimlərin ana xəttini əxlaqlı, ictimai mənafeyi şəxsi mənafedən üstün tutan, özünə, dövlətinə, gələcəyə inanan insanın yetişdirilməsi təşkil edirdi.
Məlahət Mürşüdlü,
Təhsil eksperti