A

Mühəndislik fakültəsinin müəllimləri və “Ekologiya mühəndisliyi” ixtisasının tələbələri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində bərk məişət tullantılarının idarə olunması prosesi ilə tanış olublar.

Mühəndislik və tətbiqi elmlər kafedrasının ixtisas rəhbəri Mövlud Hüseynov, dosentlər Azər Hüseynov, Maya Kərimova, Fəridə Quliyeva, Fəridə Əkbərova, Gülnaz Həsənova və LİTM-in baş laborantı Aynur Hüseynova “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov və digər əməkdaşlarla görüşüblər. Görüşdə elmi tədqiqat və tədris prosesində birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Müəllim və tələbələr əvvəlcə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantıların çeşidlənməsi prosesini izləyiblər. Tullantıların düzgün idarə edilməsinin ilkin çeşidləmədən başladığı və bu işdə hər bir ölkə vətəndaşının rolu olduğu qeyd edilib.

Sonra Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodunda olan iştirakçılara bildirilib ki, “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilən 800 min tona qədər bərk məişət tullantısının 500 min tona qədəri bu zavodda yandırılır və nəticədə 200 milyon kilovat/saata qədər elektrik enerjisi istehsal olunur. Qeyd olunub ki, 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərən zavod, tullantıların yandırılması hesabına təxminən 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edir. Yanma nəticəsində yaranan uçan kül xüsusi filtrlər vasitəsilə tutularaq basdırılır, dib külü isə yol inşaatında istifadə edilir.  

Balaxanı Sənaye Parkında isə təkrar emal prosesini əyani şəkildə izləyən müəllim və tələbələrə məlumat verilib ki, 2017-ci ildən fəaliyyət göstərən bu məkanda 25 rezident qeydiyyatdan keçib və hazırda Sənaye Parkında 27 istiqamət üzrə məhsul istehsalı həyata keçirilir.

Sonda qarşılıqlı maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb və tullantıların ilkin çeşidlənməsi istiqamətində maarifləndirmənin daha da genişləndirilməsinin vacibliyi ifadə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay