A

UNEC-lə AQTA-nın əməkdaşlığı çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.

Tədbir UNEC ilə AQTİ arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq ixtisas üzrə UNEC-də təhsil alan tələbələrin könüllülük fəaliyyətinə cəlb olunması, istehsalat təcrübəsinin təşkili, məzunların işlə təmin olunma imkanlarının genişləndirilməsi və onların potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib.

Tədbirdə AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov, Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rəşad Mehdizadə tələbələrə könüllülük proqramı haqqında danışaraq, elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verildiyini qeyd ediblər.

Bildirilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir. Məruzəçilər qeyd ediblər ki, AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir və yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək göstərilir. Həmçinin AQTİ nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təqdimatı ilə də çıxış edən əməkdaşlar hədəflər, könüllülük fəaliyyəti, istiqamətləri, qeydiyyat prosesi və s. barədə də tələbələri məlumatlandırıblar.

Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra qonaqlar “Qida mühəndisliyi” ixtisası üzrə tədris, eləcə də elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.

Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev məzunların işlə təmin olunmasının UNEC üçün prioritet hədəflərdən biri olduğunu, istehsalat təcrübəsinin AQTA-da və AQTİ-də təşkil olunmasının əhəmiyyətini, hər iki qurumun infrastruktur imkanlarından istifadə etməklə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, beynəlxalq konfranların təşkilini və digər məsələlərin vacibliyini vurğulayıblar.

TOP XƏBƏRLƏR