COP Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfranslarına verilən addır. Bu konfransların məqsədi iqlim dəyişikliyini məhdudlaşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzvləri tərəfindən əldə edilmiş irəliləyişləri nəzərdən keçirməkdir.

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər.Bu görüşlərdə iqlim dəyişikliyi ilə mübarizədə görülən işlər qiymətləndirilir və Kioto Protokolu müzakirə olunur.

Kioto Protokolu 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minib, məqsədi istixana qazlarının tullantılarını məhdudlaşdırmaqdır. Kioto Protokolunun ikinci mərhələsi Doha Əlavəsi 2012-ci ildə qəbul edilib. Qlobal istiləşməni 1,5°C qədər məhdudlaşdırmaq məqsədi ilə 2016-cı ildə Paris Sazişi Nyu-Yorkda 171 ölkə tərəfindən imzalanıb.

Dubayda keçirilmiş sonuncu COP tədbirində Paris Sazişi əsasında Qlobal Anbar (Global Stocktake) yaradıldı, məqsəd iqlim təsirlərinə davamlılığı və uyğunlaşmanı təşviq etmək üçün bir növ yol xəritəsini nəzərdən keçirmək, bu qərarın icrası ilə bağlı tempi qüvvədə saxlamaqdır.

COP-da həll edilməsi vacib olan məsələlərdən biri Yeni Kollektiv Kəmiyyət Məqsədi (New Collective Quantified Goal-NCQG) adlandırılan yeni hədəfin müəyyənləşdirilməsidir. SOCAR Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürmüşdür.

Azərbaycan 11-24 noyabr 2024-cü il tarixlərində COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək tədbirdə 190-dan çox ölkədən 80-100 min nümayəndə iştirak edəcək. Azərbaycanın "Yaşıl" Vədləri və Hədəfləri istiqamətində İstixana qazlarının azaldılması: 1990-cı illə müqayisədə 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaldılması, 2050-ci ilə qədər bu ərazilərin "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub, işğaldan azad edilmiş torpaqlar "Yaşıl enerji" zonası elan edilib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində böyük əhəmiyyət daşıyan addımları kimi qiymətləndirilir. Bu konfrans, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına və yaşıl enerji iqtisadiyyatına keçidini sürətləndirməsinə kömək edəcək.

Fidan Dadayeva,

Leyla Hacıyeva,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay