UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində Beynəlxalq Pi Gününə həsr olunan tədbir keçirilib.
Tədbirin məqsədi tələbələrin informasiya texnologiyaları ixtisasları üzrə layihələr təqdim etməsinə şərait yaratmaq, onlarda İT ixtisaslarına həvəsi artırmaq və Pi haqqında daha çox məlumat paylaşmaq olub.
Tədbirdə fakültə dekanı dosent Elman Cəfərov, kafedranın professor müəllim-heyəti, Rəqəmsal texnologiyalar departamentinin direktoru Zaur Əziz, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əməkdaşları ekspert qismində iştirak ediblər.
Fakültə dekanı Pi gününün qeyd olunmasının önəmli olduğunu vurğulayaraq, belə tədbirlərin tələbələrin rəqəmsal iqtisadiyyat sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməyə böyük töhfə verdiyini bildirib. O, həmçinin Pi-nin riyaziyyatın əsas anlayışlarından biri olduğunu qeyd edərək, bu günün həm elm, həm də texnologiya sahəsindəki mühüm yerini diqqətə çatdırıb.
Tədbir çərçivəsində tələbələr özlərinin hazırladıqları layihələri təqdim edərək, müxtəlif rəqəmsal həllər və yeni texnologiyaların tətbiqi barədə məlumat veriblər. Layihələr arasında mobil tətbiqlər, proqramlaşdırma alətləri və süni intellekt tətbiqləri kimi innovativ ideyalar yer alıb.
Ekspertlər tərəfindən qiymətləndirilən layihələrin qalibləri sertifikatla və Fəxri Fərmanla təltif ediliblər.