Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) birinci kurs tələbələri ilə görüş keçirilib.
ISE-nin direktoru dosent İnarə Rzayeva çıxış edərək tələbələri UNEC-in ailəsinin üzvləri kimi görməkdən məmnun olduğunu bildirərək, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, fakültəyə bu il 5 ixtisas üzrə 179 tələbə qəbul olub. Fakültə üzrə ən yüksək balı isə (677,9) “Maliyyə” ixtisasının tələbəsi Nilufər Zeynallı toplayıb.
İ.Rzayeva fakültə əməkdaşlarını tələbələrə təqdim etdikdən sonra onlara tədris prosesi, tələbə həyatı, fakültədəki mühit, şəxsi və peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Onlar üçün qabaqcıl şirkətlərdə təcrübə proqramları və gələcəkdə əmək bazarında uğurlu karyera qurmaq perspektivlərinin mövcud olduğunu deyib.
Sonra UNEC-in Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva çıxış edərək tələbələrə mərkəzin fəaliyyəti barədə məlumat verib, onların hər zaman müraciət edə biləcəklərini və psixoloji dəstəyin daim əlçatan olduğunu bildirib.
ISE-nin tyutoru Aygün Məmmədova isı birinci kurs tələbələrinin tədris müddətində qarşılaşa biləcəkləri əsas məsələlər, akademik qaydalar, imtahan prosesi və mübadilə proqramların danışıb.
Sonda ISE-nin direktor müavini Aysel Quliyeva tələbələrə fakültədə fəaliyyət göstərən tələbə klubları, sosial layihələr və əlavə inkişaf imkanları barədə geniş məlumat təqdim edib.