UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Tullantıların idarə edilməsi sahəsində kadr potensialının gücləndirilməsinə dair təkliflərin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun baş elmi işçisi, tullantıların idarə olunması sahəsində ekspert Elnur Səfərov çıxış edərək, bu istiqamətdə görülməsi vacib olan tədbirlər, müasir yanaşmalar və perspektivlər haqqında ətraflı məlumat verib.
E.Səfərov qeyd edib ki, tullantıların effektiv və ekoloji cəhətdən təhlükəsiz idarə olunması üçün davamlı sistemlərin qurulması, bu sahədə təhsil və təlimin genişləndirilməsi böyük əhəmiyyət daşıyır. O, ekologiya, ətraf mühit mühəndisliyi və tullantıların idarə olunması kimi ixtisasların ali təhsil müəssisələrində daha geniş şəkildə tədris olunmasının, eyni zamanda praktiki yönümlü təlim kurslarının təşkilinin vacibliyini vurğulayıb. Ekspert, xüsusilə zibilin çeşidlənməsi, təkrar emal texnologiyaları, təhlükəli tullantılarla işləmə sahəsində mütəxəssislərin hazırlanması və mövcud kadrların bilik və bacarıqlarının artırılması üçün sertifikat proqramları, seminar və vebinarların keçirilməsinin önəmini qeyd edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.