UNEC-in Mühəndislik fakültəsində professor-müəllim və tələbə heyətinin iştirakı ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qürurumuzun zirvəsi: Zəfər Günü – 5 il” mövzusunda seminar keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında, müstəqilliyimizin əldə edilməsində canlarını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fakültənin dekanı, dosent Elçin Səmədov tədbiri giriş sözü ilə açaraq iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, yenilməzliyinin və qələbə ruhunun rəmzidir. 2020-ci ilin Vətən müharibəsi xalqımızın uzun illərdən bəri davam edən həsrətinə son qoyaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnib. Dekan vurğulayıb ki, bu Zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası və milli həmrəyliyin təntənəsidir.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqov çıxışında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. O, həmin bölgələrin tarixi, coğrafiyası və mədəni irsi haqqında danışaraq qeyd edib ki, Zəfər Günü həm də millətimizin həmrəylik və birlik bayramıdır.
Fakültənin dekan müavini Sevinc Abdullayeva çıxışında gənclərə müraciət edərək vurğulayıb ki, Zəfər ruhunu yaşatmaq, onu gələcək nəsillərə ötürmək, elmli və bacarıqlı gənclər yetişdirmək hər bir müəllimin və tələbənin borcudur. O, tələbələri Vətənə fayda verən, dövlətimizin inkişafına töhfə göstərən intellektual qüvvə kimi formalaşmağa çağırıb.
Tədbirdə həmçinin “Materiallar mühəndisliyi” ixtisasının I kurs tələbəsi, antiterror əməliyyatlarının iştirakçısı Vüqar Nəzirov çıxış edib. O, 2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələndiyini bildirib. Nəzirov əməliyyatlar zamanı hərbçilərimizin peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirdiklərini vurğulayıb.
Tədbir Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxların nümayişi ilə yekunlaşıb.