A

UNEC-in Mühəndislik fakültəsində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov bildirib ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. O, qeyd edib ki, Azərbaycanda neft-kimyasının bünövrəsini qoymuş alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır.

Sonra çıxış edən akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru Günay Heydərli vurğulayıb ki, neft-kimya elmində mühüm hadisəyə çevrilmiş yüksək oktanlı aviasiya yanacaqlarının istehsalının yeni üsulunun kəşfi Yusif Məmmədəliyevə böyük şöhrət qazandırmışdır. Respublikanın bir sıra elmi müəssisə və qurumlarının yaradılması da məhz onun adı ilə bağlıdır.

“Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində UNEC-də keçirilmiş və gənc alimlər arasında alimin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri “Mühəndislik və tətbiqi elmlər” kafedrasının doktorantı Günay Hacıyeva “Yusif Məmmədəliyevin elmi ideyalarının müasir təhsil və tədqiqat mühitində aktuallığı” mövzusunda, kafedranın digər doktorantı Ümidə Məcnunlu isə “Kimya elmlərinin inkişafında Yusif Məmmədəliyevin töhfələri və müasir tətbiqləri” mövzusunda məruzə ilə çıxış ediblər və sertifikatlarla təltif olunublar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR