UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Ümumbəşəri sosial bəla – insan alveri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə “İqtisadiyyat” kafedrasının baş müəllimi Aytən İbadova çıxış edərək bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu gün insan alveri beynəlxalq təhlükəsizliyi narahat edən ən aktual problemlərdən biri olaraq qalır və müxtəlif ölkələrdə bu cinayətin qarşısının alınması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Aytən İbadova qeyd edib ki, Azərbaycanın da bir parçası olduğu qlobal mühitdə insan alverinə qarşı ciddi mübarizə aparılır, bu sahədə hüquqi-normativ baza formalaşdırılıb. Ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edən “İnsan alverinə qarşı mübarizə haqqında” qanun mövcuddur.
Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunub və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.