UNEC-in SABAH qruplarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar SABAH qruplarında tədris edən baş müəllim Aysel Quliyeva tərəfindən seminar keçirilib.
Seminar zamanı qeyd olunub ki, 20 Yanvar hadisələri yalnız faciə deyil, eyni zamanda Azərbaycan xalqının milli azadlıq və özünüdərk tarixində mühüm mərhələdir. Bu hadisə xalqın bir yumruq kimi birləşməsinə, milli bütövlüyün möhkəmlənməsinə və azadlıq hərəkatının yüksəlişinə səbəb olub.
Aysel Quliyeva 20 Yanvar faciəsinə gətirib çıxaran səbəblərdən bəhs edərək bildirib ki, keçmiş SSRİ rəhbərliyinin əsas məqsədi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı hərbi əməliyyatlar həyata keçirilib.
Seminarda vurğulanıb ki, faciə nəticəsində 147 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və qanunsuz olaraq həbs edilib. Bildirilib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib və bu hadisə xalqın milli yaddaşında əbədi yer alıb.