YAP Nizami rayon təşkilatının könüllüləri və gəncləri Qış məktəbi çərçivəsində UNEC-də olublar.
Görüşdən öncə gənclər UNEC-in tələbə və məzunlarının xatirəsilə ucaldılmış Memorial abidəni ziyarət edərək Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Sonra gənclər UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova ilə görüşüblər. Görüş zamanı iştirakçılara universitetin beynəlxalq reytinqlərdəki mövqeyi, tədris prosesi, bakalavr, magistratura və doktorantura səviyyələri, xarici və yerli filialları, əlavə təhsil proqramları, xüsusi təqaüd imkanları, eləcə də tələbə təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Müxtəlif universitetlərin tələbələri olan gənclərə UNEC-in tələbə təşkilatları ilə əməkdaşlıq etməyin, birgə tədbirlər, yarışlar və sosial layihələr həyata keçirməyin əhəmiyyəti vurğulanıb.
Sonda gənclər UNEC-in maddi-texniki bazası və infrastrukturu ilə tanış olublar.