UNEC-in Mühəndislik fakültəsinin təşkilatçılığı, Rəqəmsal İqtisadiyyat fakültəsi və Dizayn Məktəbinin tələbələrinin iştirakı ilə “Razılığa gedən yol mediasiyadan keçir” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Səmədov mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mediasiya Şurası və mediasiya təşkilatları ailə, əmək, inzibati, kommersiya və mülki münasibətlərdən irəli gələn mübahisələrin həllində mühüm rol oynayır.
Sonra Mediasiya Şurasının üzvü, Bakı 9 saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova, eləcə də mediatorlar Fərhad Mehtiyev və Nəsimi Mirzəyev çıxış edərək, mediasiyanın yalnız hüquqi prosedur deyil, həm də sivil razılaşma və dialoq mədəniyyəti olduğunu diqqətə çatdırıblar. Qonaqlar mediasiya prosesinin üstünlükləri, tərəflər arasında qarşılıqlı anlaşmanın formalaşdırılması və mübahisələrin məhkəməyə müraciət etmədən həlli imkanları barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, mediasiya zamanı tərəflər mediatorun vasitəçiliyi ilə qarşı tərəfin mövqeyini daha yaxşı anlayır, öz mövqelərini yenidən qiymətləndirir və barışıq imkanlarını araşdırırlar.
Sonda iştirakçıların sualları cavablandırılıb.