A

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün istehlakçı hüquqları ilə bağlı açıq dərs təşkil olunub.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açıq dərsi açaraq, belə maarifləndirici tədbirlərin təşkilinin tələbələrin istehlakçı hüquqları sahəsində nəzəri və praktiki biliklərinin artırılması, onların hüquqi maarifləndirilməsinin gücləndirilməsi, istehlakçı mədəniyyətinin formalaşdırılması və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, bu istiqamətdə aparılan maarifləndirmənin cəmiyyətdə şəffaf, ədalətli və sağlam bazar münasibətlərinin formalaşmasına və istehlakçıların hüquqlarının daha səmərəli müdafiəsinə töhfə verdiyini vurğulayıb.

Açıq dərsdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyev “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı tələbələrə istehlakçıların əsas hüquqları, bu hüquqların müdafiəsi mexanizmləri, istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkili, o cümlədən qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Agentlik tərəfindən istehlak bazarında həyata keçirilən nəzarət mexanizmləri və qabaqlayıcı tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, istehlakçıların öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, onların hüquqi biliklərinin gücləndirilməsi müvafiq sahədə pozuntu hallarının qarşısının alınmasında mühüm rol oynayır. Bu xüsusda Agentlik tərəfindən həyata keçirilən ardıcıl maarifləndirmə tədbirlərinin önəmindən də bəhs edilib.

Dərs zamanı tələbələrə mövzu ilə bağlı praktiki nümunələr təqdim olunub, onların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR