UNEC-in Zaqatala filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Ümummilli Lider Heydər Əliyevin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in Zaqatala filialının direktoru, i.f.d., dosent Raqif Qasımov açılış nitqi ilə çıxış edərək 31 Mart faciəsinin xalqımızın qan yaddaşında silinməz izlər qoyduğunu və bu hadisələrin Azərbaycan tarixinun ən ağrılı səhifələrindən biri olduğunu vurğulayıb.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova, İqtisadiyyat və İdarəetmə bölməsinin baş müəllimi Qüdrət Qırtımov çıxışlarında soyqırımın baş vermə səbəbləri və acı nəticələri barədə geniş məlumat verərək, bu tarixi dərslərin milli kimliyin formalaşmasındakı rolundan bəhs ediblər.
Sonra tarix müəllimi, dosent Camal Arıxov arxiv faktlarına əsaslanaraq Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı törədilən qətliamların dəhşətli mənzərəsini iştirakçıların diqqətinə çatdırıb və bu vəhşiliklərin beynəlxalq hüquq normaları çərçivəsində məhz soyqırımı aktı olduğunu qeyd edib.
Tələbə Elmi Cəmiyyətinin sədri Ayda Arzumanova isə gənclərin milli tarixə həssas yanaşmasının vacibliyinə toxunaraq, bu qəbildən olan tədbirlərin gənc nəslin maarifləndirilməsindəki əhəmiyyətini önə çəkib.
Tədbirin sonunda faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.