UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) “Memarlıq və urban dizayn: müasir yanaşmalar” mövzusunda simulyasiya əsaslı seminar keçirilib.
Seminarın məqsədi tələbələrin Bakı şəhərinin gələcək inkişafına dair baxışlarını üzə çıxarmaq, onların kreativ ideyalarını dinləmək və urban dizayn sahəsində müasir yanaşmalar əsasında düşünmə bacarıqlarını inkişaf etdirmək olub.
Departamentin direktoru, dosent Gülnarə Rzayeva çıxışında bildirib ki, seminar Bakıda keçiriləcək WUF-13 çərçivəsində həyata keçirilən təşəbbüslərə uyğun olaraq interaktiv və simulyasiya formatında təşkil olunub.
Qeyd edib ki, seminar zamanı tələbələr “gələcəyin Bakısı” ilə bağlı öz konseptual yanaşmalarını təqdim edib, şəhər mühitinin inkişafı, ictimai məkanların təşkili və urban dizayn həlləri istiqamətində maraqlı və innovativ təkliflər irəli sürüblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.