Aprelin 15-də Mühəndislik fakültəsində professor-müəllim və tələbə heyətinin iştirakı ilə "Narkomaniyaya qarşı mübarizə və valideyn məsuliyyəti" mövzusunda maarifləndirici seminar keçirilib.
Narkotik asılılığın formalaşma mərhələlərinə dair biliklərin artırılması və gənclər arasında antinarkotik təbliğatın genişləndirilməsi məqsədilə təşkil olunan tədbir "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov narkomanlığın XXI əsrin ümumbəşəri problemi olduğunu vurğulayaraq, ölkəmizdə insanların rifahı və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə bu sahədə aparılan mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini bildirib. O, sağlam nəslin yetişdirilməsində qabaqlayıcı tədbirlərin və maarifləndirmə işlərinin əvəzolunmaz rolunu qeyd edib.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov çıxışında dövlət qurumları tərəfindən həyata keçirilən layihələr, narkotik istifadəsindən qorunmaq üçün önləyici faktorlar və profilaktik işlərin əhəmiyyətindən bəhs edib. Ş.İsmayılov gənclərə narkotik asılılığın psixoloji səbəbləri və ağır fəsadları barədə ətraflı məlumat verərək, bu mübarizədə ictimai həmrəyliyin vacibliyini diqqətə çatdırıb.
Bakı şəhəri Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı isə sağlam həyat tərzi və ailə dəyərlərinin önəminə toxunub. O bildirib ki, sağlam həyat tərzi yalnız fiziki aktivlik deyil, həm də zərərli vərdişlərdən uzaq durmaq və psixoloji balansı qorumaqdır. Gənclik dövründə formalaşan vərdişlərin bütün ömür boyu təsirli olduğunu xatırladan sosioloq, bir anlıq marağın uzunmüddətli fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edib. Sonda iştirakçıların rəyləri dinlənilib və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.