UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşəbbüsü ilə “Sahibkarın psixologiyası və onun ünsiyyət bacarıqları” mövzusunda panel müzakirəsi təşkil olunub.
Görüşün məqsədi tələbələrlə mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırmaq, gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərmək olub.
Tədbirdə ÜTÜ MMC-nin təsisçisi və rəhbəri, natiqlik sahəsində fəaliyyət göstərən Zaur Cahangirov, EDUCO Company-nin təsisçisi və rəhbəri Rəşad Abbasov, həmçinin xarici dillərin tədrisi istiqamətində fəaliyyət göstərən “Rise Academy”nin təsisçisi və rəhbəri Gülmira Həsənzadə qonaq qismində iştirak ediblər.
“Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri dos. Rəşad Məhərrəmov çıxış edərək mövzunun aktuallığından danışıb. O bildirib ki, müasir dövrdə gənclər yalnız peşəkar biliklərlə kifayətlənməməli, eyni zamanda sahibkar düşüncə tərzinə, effektiv ünsiyyət və düzgün qərarvermə bacarıqlarına da yiyələnməlidirlər.
Panel zamanı sahibkarlıq psixologiyası, şəxsi inkişaf, liderlik keyfiyyətləri, biznes mühitində düzgün ünsiyyətin rolu, xaricdə təhsil imkanları və gənclərin gələcək karyera hədəfləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar öz təcrübələrini tələbələrlə bölüşərək uğurlu karyera quruculuğunda kommunikasiya və şəxsi inkişafın əhəmiyyətini vurğulayıblar.
Sonda tədbirin moderatoru, “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Şəlalə Musayeva şəxsi inkişafın uğurlu və davamlı inkişaf edən şəxsiyyətin formalaşmasında mühüm rol oynadığını qeyd edib.