UNEC Psixoloji Xidmət Mərkəzi tərəfindən İqtisadiyyat və İdarəetmə, Biznes və menecment fakültələrinin tələbələri üçün “İmtahan həyəcanı və onun idarə olunması” mövzusunda silsilə interaktiv seminar-workshop keçirilib.
Təlimlərdə tələbələr imtahan stressinin yaranma səbəbləri, onun emosional, fiziki və davranış səviyyəsində təsirləri barədə məlumatlandırılıblar.
UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Abdullayeva Küşvər iştirakçılara imtahan dövründə yaranan həyəcan və narahatlığın idarə olunması yolları, düzgün hazırlıq strategiyaları, nəfəs və rahatlama texnikaları haqqında ətraflı məlumat verib.
Workshop formatında təşkil olunan seminarlar çərçivəsində tələbələr müxtəlif praktiki tapşırıqlar, psixoloji oyunlar, qrup müzakirələri və interaktiv məşğələlərdə iştirak ediblər. İştirakçılar imtahan öncəsi yaşadıqları hissləri bölüşərək stressin azaldılması üçün effektiv üsulları tətbiq etmək imkanı əldə ediblər.
Seminarların əsas məqsədi tələbələrin imtahan dövründə psixoloji dayanıqlığını artırmaq, özünəinam hissini gücləndirmək və stresslə daha sağlam şəkildə mübarizə aparmalarına dəstək olmaq olub.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələr imtahan həyəcanının idarə olunması ilə bağlı faydalı bilik və praktik bacarıqlar qazandıqlarını bildiriblər.