UNEC Rus İqtisad Məktəbi nəzdində fəaliyyət göstərən “Tətbiqi iqtisadiyyat” kafedrasının təşəbbüsü ilə “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə əsas məruzəçi qismində “Sosial iş” ixtisasının proqram rəhbəri, dosent Lalə Həmidova çıxış edib. O, Azərbaycanda həyata keçirilən sosialyönümlü dövlət siyasətinin əsasını insan hüquq və azadlıqlarının təşkil etdiyini vurğulayıb. Məruzə zamanı insan hüquqlarının qorunması, sosial rifahın təmin olunması və həssas əhali qruplarına göstərilən dövlət dəstəyi istiqamətində görülən işlərdən bəhs olunub.
Həmçinin qeyd edib ki, insan hüquqlarının müdafiəsi cəmiyyətin davamlı inkişafı və sosial ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə dövlət qurumlarının fəaliyyəti, həyata keçirilən layihələr və qəbul olunan sosial proqramlar barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.