A

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində “Qiyabi təhsil şöbəsi”nin tələbələrinin iştirakı ilə 20 Yanvar hadisələrinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın iri şəhərlərinə Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsini, dinc əhaliyə divan tutularaq yüzlərlə insan qətlə yetirilməsi, itkin düşməsini, sovet ordusunun, xüsusi təyinatlı dəstələrinin Bakını zəbt etməsini və bütün bunların xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildiyini bildirmişdir. Tarixdə bir dövlətin öz xalqına edə biləcəyi ən böyük qətliamlardan biri olan 20 Yanvar tarixinin əslində xalqımızın tarixinə yazılan şanlı bir səhifə olduğunu bildirmiş S.Tanrıverdiyev, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, Azərbaycan xalqının 20 Yanvar şəhidlərini – Azərbaycana öz həyatları bahasına müstəqillik bəxş edən igid övladlarının fədakarlığını daima məhəbbətlə xatırlayacağını və Azərbaycan var olduqca onların əziz xatirəsini böyük ehtiramla yad edəcəyini bildirmişdir. S.Tanrıverdiyev bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə 4 il sonra siyasi-hüquqi qiymət verərək yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetimək olduğunu, bütün bunların Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi ilə bağlı qərar vermişdir.

Daha sonra bildirmişdir ki, qanlı terror aktına – 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir.

Tədbirdə çıxış edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova hadisələr baş verən dövrə tarixi ekskurs edərək həmin dövrlərdə Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasətinin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xəttin geniş xalq kütlələrinin qəzəbinə səbəb olduğunu bildirmiş, xalq arasında Azərbaycanın o vaxtki rəhbərliyinin Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçiriləcəyi ilə bağlı fikirlər yaranmağa başlamış, məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunmuş, ittifaqa qarşı şüarlar və müstəqillik fikirləri geniş vüsət almışdır. Yanvarın 19-da Bakı şəhərinə yeridlimiş hərbi qüvvələr tərəfindən ilk növbədə Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın baş vermişdir. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini Həbib Vəliyev çıxış edərək 20 yanvar faciəsini törətməkdə əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.  Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Fövqəladə vəziyyətin ən ciddi şəkildə tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də, Bakıdakı matəm mərasimində bir milyondan çox insan iştirak etdi. Bu Azərbaycan xalqının azadlıq, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə səsi, mərkəzin qanlı əməllərinə qarşı etirazı idi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay