Kapital Bank-ın təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə və məzunlar üçün “Karyera Günü” keçirilib.
Tədbirdə "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, UNEC-in rektoru Ədalət Muradov, bankın rəhbər şəxsləri, tələbə və məzunlar iştirak edib. “Birincilər sırasına sən də qoşul!” devizi altında keçirilən tədbirdə tələbə və məzunların maraqları, hansı sahələrdə karyeralarını qurmaq istədikləri haqqında müzakirələr aparıb. Bundan başqa tədbir çərçivəsində tələbə və məzunların CV-ləri toplanıb və onlar müsahibə mərhələlərində iştirak ediblər.
“Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank bu gün UNEC-də Karyera günü keçirdi. Hazırda Kapital Bank-da olan vakansiyalar, təcrübə proqramları barədə tələbə və məzunlara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi layihələrə dəstək göstərməklə, biz yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edirik”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Tədbir çərçivəsində 300-dək CV toplanıb və 30-dan artıq müsahibə keçirilib. Həmçinin “Karyera Günü”ndə “Əmək bazarında trendlər. İşəgötürən bizdən nə gözləyir?” və “Sosial şəbəkələr və sizin imiciniz” mövzularında təlim modulları keçirilib. Hər zaman gənclərə dəstək olan Kapital Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.