A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri və fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu Ülvi Hacıyevin ailəsini və məzarını ziyarət ediblər. Görüşdə II Qarabağ müharibəsində qazi olan UNEC tələbəsi Ağaəli Quliyev də iştirak edib.

Ülvi Hacıyevin anası Həmidə xanım tələbələrə oğlu haqqında xatirələrindən danışıb. Ülvinin ailəsinə, vətəninə bağlı biri olduğunu, onun müsbət xüsusiyyətləri ilə yaxınlarının və dostlarının sevgisini qazandığını bildirib. Kiçik yaşlarından oğlunun üzgüçülüklə məşğul olduğunu, bir sıra medallarla təltif edildiyini deyən Həmidə xanım, Ülvinin idmanla yanaşı, təhsilinə də məsuliyyətlə yanaşdığını söyləyib.

Ülvi 2012-ci ildə UNEC-in İqtisadiyyat fakültəsinin rus bölməsinə qəbul olub. Bakalavr təhsilini bitirdikdən sonra isə 2016-cı ildə “Biznesin təşkili və idarə edilməsi” “Maliyyə ixtisaslaşması” üzrə ingilis dilində magistratura təhsili alıb.

Ülvinin İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollandığını deyən Həmidə xanım, oğlunun sonuncu dəfə 15 oktyabrda qohumları ilə əlaqə saxladığını, sonradan isə 50 günə yaxın ondan xəbər ala bilmədiklərini söyləyib. Ailəsi onun sağ olduğuna və evinə dönəcəyinə ümidini itirməsə də, sonradan Ülvi Hacıyevin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucaldığı xəbərini alıb. 

Ülvi Hacıyev dekabrın 6-da II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, 26 illik ömrünü qəhrəman kimi başa vuran Ülvi Hacıyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

Sonra tələbələr Ülvi Hacıyevin II Fəxri Xiyabandakı məzarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay