A

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində daha bir işgüzar səfər 24-28 iyun tarixlərində Polşanın Bydgoszcz İqtisadiyyat Universitetində baş tutub.

Səfərdə layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisəsinin inzibati və akademik heyət üzvləri iştirak ediblər. 5 günlük təlim proqramının əsas məqsədi layihənin hədəflərinə uyğun  olaraq  ali təhsil sistemində sahibkarlıq təşəbbüsləri və təcrübələrinə dair xarici təcrübənin öyrənilməsi olub.  Belə ki, təlimlər zamanı sahibkarlığın inkişaf etdirilməsində geniş istifadə olunan müasir üsul və mexanizmlər, o cümlədən dizayn yönümlü düşüncə, Canvas biznes modelinin qurulması, sahibkarlıq təşəbbüsləri vasitəsilə sosial məşğulluq mühitinin yaradılması, şəxsi brendinqin formalaşdırılması, vizual marketinqin həyata keçirilməsi, fərdi potensialın kəşf edilməsi, sahibkarlıq təhsilində innovativ tədris metodlarının tətbiqi üzrə bilik və təcrübələr əldə edilib. Eyni zamanda təlim proqramı çərçivəsində Bydgoszcz şəhərinin sahibkarlıq subyektləri, eləcə də Bydgoszcz Sənaye və Texnologiya Parkı ilə tanışlıq həyata keçirilib. Keçirilmiş təlimlərin nəticəsi olaraq öz biznes ideyaları üzərində qrup işləri aparan universitet nümayəndələri təqdimatlarla çıxış edərək geniş təcrübə mübadiləsi aparıblar.

Təlimlərin yekununda sertifikatların təqdim edilməsi mərasimi keçirilib və iştirakçılar Bydgoszcz İqtisadiyyat Universiteti tərəfindən sertifikatlarla təltif olunublar.

TOP XƏBƏRLƏR